“Deyin-gülün,
övladlarım”
Mayın 30-da Qazax rayon MKS-nin
uşaq şöbəsində 1 İyun - Beynəlxalq Uşaqları Müdafiə
Gününə həsr olunmuş “Deyin-gülün, övladlarım” adlı tədbir
keçirilib.
Qazax şəhər məktəblilərinin, Qazax Dövlət Rəsm Qalereyasının, təhsil və səhiyyə işçilərinin iştirak etdiyi tədbiri MKS-nin direktoru Solmaz Babanlı açaraq 1950-ci ildən dünyanın bir çox ölkələrində qeyd olunan bu bayramın əhəmiyyətindən danışıb. Bildirilib ki, əlamətdar gün Azərbaycanda da ənənəvi olaraq qeyd edilir, uşaqlara diqqət və qayğı hər zaman dövlətin diqqət mərkəzindədir.
MKS-nin direktor müavini Münəvvər Süleymanlı və uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva çıxışlarında Beynəlxalq Uşaqları Müdafiə Gününün tarixindən, BMT-nin Uşaq Hüquqları Konvensiyasının əsas müddəalarından söz açıblar. Qeyd olunub ki, bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızın hər yerində yeni məktəb binaları, uşaq bağçaları tikilir, köhnələri əsaslı təmir edilir. Uşaq evləri, internat məktəbləri xüsusi qayğı ilə əhatə olunub.
Tədbirdə
kitabxananın fəal oxucuları olan uşaqlar şeirlər söyləyib, lətifələr
və tapmacalar danışıblar. “Azərbaycan
- yurdum mənim”, “Uşaqların maraq dünyası”, “Sənin hüquqların”
və s. başlıqda sərgi
iştirakçılar tərəfindən maraqla
qarşılanıb.
Mədəniyyət.- 2013.- 5 iyun.-
S. 15.